Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə açıq havada keçirilən idman yarışlarının təşkilinə icazə verildikdən sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Xəzər” Yelkənli Qayıqlar İdman Klubu da məşqlərini bərpa edib.
Yelkənçilərimiz 6 aylıq fasilədən sonra ilk dəfə dənizə çıxıblar. Onlar “Lazer Pico”, “Lazer” və ”Optimist” sinfinə aid 6 qayıqla dənizə açılıblar. İdmançıları üç nəfərlik məşqçi heyəti müşaiyət edib.
İki saatdan çox davam edən məşqlər Yaxt Klubun ərazisində baş tutub.
Məlumat üçün bildirək ki, “Xəzər” Yelkənli Qayıqlar İdman Klubu 2014-cü ildən fəaliyyət göstərir. İdmançılarılarımız indiyədək müxtəlif yerli və beynəlxalq yarışların qalibi olublar.
Maddi-texniki bazası mütəmadi olaraq zənginləşən Kluba hazırda yeni üzvlərin qəbulu da aparılır. Yelkənli idmana marağı olan hər kəs bunun üçün (012) 404-38-27 nömrəsinə zəng edib ətraflı məlumat əldə edə bilər.