Xəbərlər

Hobbisi dənizçilik və yelkənçilik olan məşhurlar

Ədəbiyyat, incəsənət və elm kifayət qədər çətin və stresli sahələr olduğundan bu sahələrin nümayəndələri yorğunluq və stresdən azad olmaq üçün özlərinə müəyyən hobbi və məşğuliyyətlər seçirlər. Elə insanlar da var ki, yaranmış gərginliyi aradan qaldırmaq üçün yelkənçiliyə və dənizçiliyə üz tuturlar. Təqdim etdiyimiz siyahıda ikinci peşəsi yelkənçilik və dənizçilik olan dünyaca məşhur simalar yer alıb.

Hamfri Boqart

Dünya kinematoqrafiyasının tarixinə yazılmış filmlərdə (Kasablanka, Sabrina və s.) çəkilmiş amerikalı kino aktyoru ağır çəkiliş günündən sonra özünün “Santana” adlı yaxtasında gəzintiyə çıxmağı sevərdi. “Sparkman and Stephens” mühəndis şirkəti tərəfindən istehsal edilmiş “Santana” dövrünün ən yüksək standartlarına cavab verən yaxta olub. Hamfri Boqart vəfat edəndən sonra cəsədini kremasiya edərək, külünü “Santana” yaxtasının kiçik modelinin içində saxlamağı  vəsiyyət etmişdi.



Con Lennon

Əfsanəvi ingilis kvarteti “Bitlz”-in məşhur solisti Con Lennon 1975-ci ildə yaradıcılıq böhranı keçirir. Daha mahnı bəstələyə bilmir. Musiqiçi 1980-ci ildə “Megan Jaye” adlı yaxtanı icarəyə götürərək Bermud adalarına səyahətə gedir. Səyahət zamanı fırtına baş verir və yaxtanın gücdən düşmüş kapitanını Lennon özü əvəz edir. Dənizçi səriştəsi olmayan musiqiçi fırtınadan uğurla çıxır. Bu hadisə onun həyatında yeni səhifə açır. Səyahətdən qayıdan musiqiçi müsahibəsində deyir: “Ətrafda yalnız səma və dənizin olması hissi qeyri-adi bir atmosferdir. Özünü tənha hiss etdiyin məqamda həm də həqiqi azadlığın nə olduğunu başa düşürsən”.  Bermud adaları ətrafında keçirdiyi 7 həftəlik səyahətdən sonra musiqiçidə yeni nəfəs açılır. Və o bir-birinin ardınca hit mahnılar bəstələyir.



Albert Eynşteyn

Fizika elmləri doktorunun dənizə olan sevgisi az adama məlumdur. Eynşteyn təcrübəsiz dənizçi olduğundan şəxsi yaxtasını daim saya oturdar və ya harasa vurub qəza törədirmiş. Alimin “Tinef” adlı balaca yelkənli qayığı var idi. 50 illik yubileyində dostları ona “Tummler” adlı yaxta hədiyyə edirlər. Özünün xatirələrinə görə, alim yaxtada məqsədsiz üzməyi sevərdi. Və hər hansı bir körpüyə qəza törətmədən çatanda özünü olduqca xoşbəxt hiss edərdi.



Morqan Frimen

Müxtəlif yaşlı insanların sevimli aktyoruna çevrilmiş Morqan Frimen əsl dəniz “fanatı” olduğunu uzun müddət ictimaiyyətdən gizlədirdi. Aktyor dənizə olan sevgisini Vermont ştatının dənizə çıxışı olmayan Stou şəhərciyində 6 metrlik gəzinti qayığında üzərkən kəşf edib. “Mən o an sadəcə heyran olmadım, dəniz gəzintisi mənim əsl sevgimə çevrildi”, – deyə aktyor öz xatirələrində yazır.
Bu andan etibarən aktyor “Shannon 43” adlı yaxtasında açıq dənizdə uzun səyahətə çıxır. Deyilənə görə, aktyor ən çox Karib adaları tərəfdə üzməyə üstünlük verirmiş.



Ted Terner

Milyarder, böyük mediamaqnat, CNN kanalının və onlarla digər televerilişlərin təsisçisi Ted Terner iş cədvəlinin gərgin olmasına baxmayaraq, sevimli hobbisi olan – yaxtinq üçün hökmən vaxt tapırdı. 1960-1970-ci illərdə müxtəlif reqattalarda və çempionatlarda iştirak edən Ternerin portreti yelkənli qayıq idmanının “Şöhrət salonu”nda asılıb. Mediamaqnat öz xatirələrində yazır: “Mənim üçün bu idman növündə əldə etdiyim nailiyyətlər, şəxsi biznesimdəki nailiyyətlərim qədər önəmli idi”.



Ernest Heminquey

Məşhur “Qoca və dəniz” romanının müəllifi dənizçiliklə qiyabi yox, bilavasitə əyani surətdə tanış idi.  Yazıçı çoxlu yaxta və qayıqlarda səyahət edib, tonlarla balıq ovlayıb və saysız-hesabsız fırtınalara düşüb.
Amma o, özünün şəxsi “Pilar” qayığında gəzməyi sevirdi. “Pilar” qayığı 30-cu illərdə inşa edilmişdi. Yazıçı qayığı təhvil alandan sonra onda dəyişikliklər edərək özünə uyğun “kökləyir”. Deyilənə görə, İkinci Dünya müharibəsi zamanı Heminquey qayığını top-tüfənglə təchiz edərək faşist sualtı qayıqlarının ovuna çıxır. Xoşbəxtlikdən onun rastına heç nə çıxmır.



Con Kennedi

ABŞ-ın 35-ci prezidenti Con Kennedinin “Manitou” yaxtasındakı fotosu kruiz ləzzətinin əyani sübutudur. Prezident ömrü boyu dəniz gəzintisinin böyük həvəskarı olub. O, hətta 1938-ci ildə keçirilən “Mackinac Race” sürətli qayıq yarışlarında rekord vurmuşdu.



Tərcümə etdi: İlqar Quliyev