"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun maddi-texniki bazası gücləndirilib. Klubun balansına yeni təchizat kateri əlavə olunub.
Uzunluğu 4.70 metr, mühərriki 50 at gücünə bərabər olan “Yamaha” katerinə 9 nəfər yerləşir. Təchizat kateri yarış və məşq zamanı idmançıların təhlükəsizliyini təmin etməyə və onları suda olan zaman təlimatlandırmağa kömək edəcək.
Xatırladaq ki, “Xəzər” Yelkənli Qayıqlar İdman Klubu 2014-cü ildə yaradılıb. Bu müddət ərzində klub üzvləri müxtəlif beynəlxalq yarışlarda və 2018-2019-cu illərdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Baku Sailing Regatta” yarışında müvəfəqiyyətlə iştirak edib.
Hazırda Klubun tərkibi 19 ədəd müxtəlif sinfə aid yelkənli qayıq daxil olmaqla, 3 məşqçi heyətindən və 25-dən çox idmançıdan ibarətdir.