Xəbərlər

“Xəzər” Yelkənli Qayıqlar İdman Klubu və “Red Bull”-un dəstəyi ilə kiyevli kaytsörfinqçinin arzusu gerçəkləşib

Əslən Kiyevdən olan Roman Bondarets Xəzər dənizində kaytla səfərə çıxıb.

Roman Bondarets uzun illərdir kaytsörfinq və ya kaytbordinqlə (idmançının idarə etdiyi uçan ilanın (kayt) dartma qüvvəsinin təsirilə su üzərində hərəkətə əsaslanan idman növü) məşğuldur. O, daim özünü sınamaq üçün maraqlı məkanlar axtarır. Bu dəfə Roman Bondarets axtardığını Bakıdan təxminən bir saatlıq məsafədə yerləşən Şurabad kəndi yaxınlığında tapıb. Google-də araşdırma apararkən Xəzərdə kaytsörfinq etmək üçün “Bluplanet Kite Beach” adlı məkan diqqətini çəkib.  O, həyat yoldaşı və oğlu ilə Bakıya gəlmək qərarı verib.

 “Xəzər” Yelkənli Qayıqlar İdman Klubu və “Red Bull”un dəstəyi sayəsində Roman Bondaretsin kaytla səfərə çıxması mümkün olub.

Roman Bondarets təəssüratlarını bölüşərkən bildirib ki, onun budəfəki səyahəti yaddaşından heç vaxt silinməyəcək:  “Duyğularımı çatdırmaqda çətinlik çəkirəm. Səfərlərimi mütləq ki, davam etdirəcəm. Amma əminliklə deyirəm ki, ruhumun bir hissəsi xəyallarımın gerçəkləşdiyi küləklər şəhərində əbədi qalacaq. Mənim və ailəmin arzusunun gerçəkləşməsi üçün şərait yaradan “Xəzər” Yelkənli Qayıqlar İdman Klubu və “Red Bull”a xüsusi təşəkkürümü bildirirəm”.

ASCO-nun “Xəzər” Yelkənli Qayıqlar İdman Klubu  2014-cü ildə yaradılıb. Klub üzvləri müxtəlif yerli və beynəlxalq turnirlərdə iştirak ediblər. “Xəzər” Yelkənli Qayıqlar  Klubunun yelkənçiləri dəfələrlə Qazaxıstan, Rusiya və digər ölkələrdə keçirilən yarışlarda qalib olublar.