Xəbərlər

Yelkənli idman növü ilə məşğul olmaq insana nə verir?

Yelkənli idman növünün faydası çoxdur. Bu idman növü ilə məşğul olmaq insanın dərketmə və düşünmə qabiliyyətinin inkişafına xüsusi təsir göstərir.

Birinci növbədə diqqətlilik və müşahidə etmə bacarığı inkişaf edir.  İlk dəfə qayığa oturub dəniz çıxan zaman ətrafda nə baş verdiyini, küləyin səmtini, axının istiqamətini və hansı tərəfə üzmək lazım olduğunu təyin etmək çətin olur. 

Yelkənli qayıq yarışlarına gəldikdə isə, zaman keçdikcə idmançının özünün fərdi fəlsəfəsi formalaşır. Bilik –  gücdür, hamı sağlamdır, amma yalnız ağıllılar qalib gəlir – kimi sitatlar yelkənçinin devizinə çevrilir. İdmançıda mükəmməl fiziki forma, güc və dözümlülüklə yanaşı, bilik və savada da maraq yaranır. Təcrübəli idmançılar haqqında kitablara, mühazirələrə, seminarlara, yelkənli idman yarışlarının qaydalarını öyrənməyə ehtiyac duyulur.  Mən niyə başqaları kimi çevik deyiləm? Niyə başqalarından geridə qalıram? – kimi suallar idmançını narahat edir.

Zaman keçdikcə, strateji və taktiki düşüncə meydana gəlir. İnsandan asılı olmayan faktorları (külək və dalğa) nəzərə almasaq, yarışlarda strategiya və taktikanın əsas amil olduğunu anlayırsan. Bir çox peşəkarlar yelkənli idman növünü şahmat oyununa bənzədirlər. İdmançı eyni vaxtda hava proqnozunu, rəqiblərini, dənizə çıxdığı qayığın texniki parametrlərini, məsafə sxemini, yarış planını və s. kimi məqamları diqqət mərkəzində saxlamalıdır. Amma hər sahədə olduğu kimi, dənizdə də hər şey planlaşdırıldığı kimi getmir. Bu zaman hər şeyi yenidən ölçüb-biçib qərar vermək lazım gəlir.

İdmançının əsas diqqət yetirməli olduğu anlayışlardan biri zaman anlayışıdır. Xronometrajı dəqiqliklə təyin etmək heç də asan deyil. 5 uzel sürətlə üzən qayıq "X" məsafəni hansı müddətə qət edə bilər? Bəs əgər 8 uzel sürətlə üzərsə?  Bu sualların cavabı çoxsaylı uzun məşqlərin nəticəsində aydın olur.

Yelkənli qayıq idmanı öz qorxu və komplekslərinə qalib gəlməyə də kömək edir. Hər dəfə dənizə çıxanda qorxunun gözünün içinə baxmaq və bir müddət sonra ona tam qalib gəlmək şansı yaranır.

İnsanı tanımaq istəyirsənsə onunla dənizə çıx! Bir neçə saat ərzində qayıqda istənilən insanın iç üzü, onun həyat dəyərləri, bütün mənfi və müsbət cəhətləri açılır.  

Yelkənli qayıqda keçirilən 2 saat, bağda və ya kurortda keçirdiyin bir həftəlik istirahətə bərabərdir. Dəniz insanın bütün stresslərini və neqativ fikirlərini beynindən yuyub aparır.

Yelkənli qayıq idmanı hən də  insanda komandada işləmək bacarığını formalaşdırır.