“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Xəzər” Yelkənli Qayıqlar İdman klubununun potensialı “Optimist” sinifi üzrə 7 yeni qayıqla zənginləşib.
Polşanın “New Blue” şirkətinin istehsalı olan qayıqlar beynəlxalq standartlara cavab verir. Bu tip qayıqlardan beynəlxalq yarış və reqatalarda da istifadə olunur.
“Xəzər” Yelkənli Qayıqlar İdman klubununun idmançıları yeni qayıqları sınaqdan da keçiriblər. Klubun “Optimist” sinifində yarışan dörd yelkənçisi bu yaxınlarda baş tutacaq Azərbaycan Yelkənli İdman Federasiyasının “Federasiya kuboku” na məhz yeni qayıqlarla yollanacaqlar.
Məlumat üçün bildirək ki, 2014-cü ildə yaradılan “Xəzər” Yelkənli Qayıqlar İdman klubu ASCO-nun tərkibində fəaliyyət göstərir. Klubun idmançıları müxtəlif yerli və beynəlxalq yarışların qalibi olublar. Hazırda klubda 3 məşqçi “Laser” sinifi üzrə 12, “Optimist” sinifi üzrə isə 4 idmançı hazırlayır.