Xəbərlər

Yelkənli idman

Azərbaycanın coğrafi mövqeyi və iqlimi son illər fəal inkişaf edən yelkənli idman üçün olduqca əlverişlidir. Gənc idmançılarımız artıq beynəlxalq qayıqsürmə yarışlarında iştirak edərək, yüksək nailiyyətlərə imza atıblar. Yelkənli idman ən maraqlı və zövqlü idman növlərindən biri hesab olunur. Yüksək adrenalin, onları əhatə edən külək və möhtəşəm dənizdən ilham alan idmançılar dəniz və hava ünsürlərinə qarşı sanki mübarizə aparırlar. Burada qələbə və ya məğlubiyyət yalnız idmançının ustalığı və məharətindən asılıdır. Tamaşaçılar isə nəfəslərini tutaraq həyəcanlı reqatanı və ağ yelkənlərin dənizdə süzərək finişə çatmasını izləyirlər. Xəzər dənizinin yaxınlığı, daimi küləklər və Azərbaycanın mülayim iqlimi bu idman növünün ölkəmizdə inkişafı üçün olduqca əlverişli imkanlar yaradır. Gənclərdən ibarət komanda yığılmış, beynəlxalq səviyyəli məşqçilər dəvət edilmiş, təlim-məşq bazası yaradılmış və bütün lazımi avadanlıq təmin edilmişdir. Dənizdə məşqlər hər həftə keçirilir, təbii ki, pis hava şəraiti buna mane olmasa. Bundan başqa, gənc idmançılarımız fitnes üzrə fiziki məşqlər keçirir, hovuzda üzmə bacarıqlarını inkişaf etdirir və təbii ki, öz məşqçilərindən nəzəri biliklər və bu idman növünün sirrlərini öyrənirlər. Yeniyetmələrdən ibarət yığmanın ən azyaşlı idmançısı 6, ən yaşlı idmançısı isə 16 yaşındadır. Gənc idmançılarımız iki növ qayıqlarda üzürlər – “Optimist” və “Laser”. İlk baxışdan azca gülməli və sadə görünən “Optimist” qayığı dəniz yelkənli idmanının əsası hesab olunur. Bu idman növü ilə məşğul olanların əksəriyyəti, ilk addımlarını demək olar ki, məhz bu yaxtalarda atmışlar. “Optimist” olduqca çevik və idarəsi asandır. Tez sürət yığır və çəkisi az olduğuna görə, hətta çevrilsə belə, idmançı onu asanlıqla ilkin vəziyyətinə qaytara və üzməyə davam edə bilər. “Laser” isə biryerlik yarış qayığı olub, yüksək yelkənlərə malikdir və “Olimpiya” qayıq növünə aid edilir. Bu gəmi yüngüllüyü və sürətinə görə çoxdan beynəlxalq səviyyədə tanınır. Dünyanın 120-dən artıq ölkəsində idmançılar öz seçimini məhz bu qayıqdan yana ediblər. Konstruksiyası 1969-cu ildə işlənib-hazırlanmasına baxmayaraq, o hər zaman aktual qalmağa müvəffəq olur. Yelkənli idman sadəcə güc və davamlılığın məşq edilməsi deyil. Qalib gəlmək üçün idmançı ani qərarlar qəbul etməyi və daim dəyişən hava şəraitini və rəqiblərinin addımlarını təhlil etməyi bacarmalıdır. Təbii ki, hər şey dərhal alınmır, amma hər hansı uşaq yelkən altında üzməyi öyrəndiyi andan, onu artıq nə dənizdən, nə dalğalardan, nə də komanda yoldaşlarından ayırmaq mümkün olmayacaqdır. Bu idman növü balacalarımız və yeniyetmələrimizdə təbiət və onun qanunlarına qarşı düzgün yanaşma tərbiyə edir və təbii ünsürlərə tab gətirərək idmanla məşğul olmağa davam edən balacalarımız həm fiziki olaraq inkişaf edir, həm də daha cəsur və sağlam olurlar.